Hakimlərin Etik Davranış Kodeksi (bundan sonra «Kodeks
») hakimlik fəaliyyətinin etik prinsiplərinin və standartlarının
toplusudur. Kodeks hakimlər üçün spesifik əxlaq
və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş
fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə
münasibətini müəyyən edir.
I. Ümumi müddəalar
Maddə 1. Hakim bütün fəaliyyəti dövründə dövlətin, vətəndaşın
və ədalət mühakiməsinin qarşısında onun məsuliyyətini
təcəssüm etdirən hakim andına sadiq olmalı, səlahiyyətlərini
həyata keçirərkən və xidmətdən kənar fəaliyyətində bu anda
uyğun davranış nümayiş etdirməlidir.
Maddə 2. Hakim bütün hallarda Azərbaycan Respublikasının
Konstitusiyasına riayət etməli, «Məhkəmələr və hakimlər
haqqında» Azərbaycan Respublikasının Qanununu və
digər normativ hüquqi aktları rəhbər tutmalı, cəmiyyətdə
məhkəmə hakimiyyətinə, habelə hakimlərin müstəqilliyinə
və qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir.
Maddə 3. Ədalət mühakiməsinin həyata keçirilməsi üzrə vəzifələrin
icrası hakimin fəaliyyətində üstün əhəmiyyətə malikdir.
Maddə 4. Hakim ona həvalə olunmuş işlərə baxarkən, öz vəzifəsini
ləyaqətlə icra etməli, fəaliyyətində ədalətli, qərəzsiz və
dəyanətli olmalıdır.
Maddə 5. Hakim hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı,
məhkəmə hakimiyyətinin nüfuzuna, hakimin yüksək adına
xələl gətirə, ədalət mühakiməsini həyata keçirərkən onun
obyektivliyini və müstəqilliyini şübhə altına ala bilən hər cür
davranışdan çəkinməlidir.
II. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hakimin davranış qaydaları
Maddə 6. Hakim öz peşə vəzifələrini vicdanla icra etməli, işlərə
və materiallara vaxtında baxılması üçün qanunla nəzərdə
tutulmuş bütün zəruri tədbirləri görməlidir.
Maddə 7. Hakim özünün peşə fəaliyyətinə heç bir şəxs, o cümlədən
qohum, dost və tanış tərəfindən, hər hansı formada müdaxilə
edilməsinə yol verməməlidir.
İş üzrə qəbul ediləcək qərar özünün, ailə üzvlərinin və
digər qohumlarının maraqlarına toxuna bilərsə, habelə
qərəzsizliyi şübhə doğurarsa, hakim həmin işə baxılmasında
iştirak etməkdən özü-özünə etiraz etməlidir.
Maddə 8. Hakim proseslərdə iştirak edən bütün şəxslərə (tərəflər,
o cümlədən müdafiəçilər, dövlət ittihamçıları, həmçinin
şahidlər və s.) eyni münasibət göstərməlidir. Hakim proses
iştirakçılarından hər hansı birinə digərinə nisbətdə üstünlük
verməməlidir.
Hakim irqi, cinsi, dini və ya milli xarakterli fikir nümayiş
etdirməməli, hər hansı diskriminasiyaya yol verməməlidir.
Maddə 9. Hakim yüksək məhkəmə mədəniyyətini nümayiş etdirməklə
proses iştirakçılarının hər birinə qarşı münasibətdə
ədəb və nəzakətlə davranmalı, prosesin bütün iştirakçılarından
bir-birinə və məhkəməyə hörmətlə yanaşmağı tələb
etməli, məhkəməyə qarşı aşkar hörmətsizlik göstərənləri
cəzalandırmalıdır.
Maddə 10. Hakim hər hansı hakimiyyət və idarəetmə orqanlarının,
habelə ayrı-ayrı şəxslərin təsiri altına düşməməli, ictimai
rəy və ya tənqid onun tərəfindən qəbul edilən qərarların
qanuniliyinə və əsaslılığına təsir etməməlidir.
İşə kollegial baxılarkən, hakim qərarını onunla bir tərkibə
daxil olan digər hakimlərin ifadə etdikləri fikirləri nəzərdən
keçirilə, öz daxili inamına əsaslanmaqla qəbul etməlidir.
Maddə 11. İnzibati səlahiyyətlərə malik olan hakim (məhkəmənin
sədri, məhkəmə sədrinin müavini, kollegiya sədri, habelə
həmin vəzifələri müvəqqəti icra edənlər) həmin səlahiyyətləri
vicdanla yerinə yetirməli, bundan digər hakimlərə qarşı təzyiq
vasitəsi kimi istifadə etməməli, hakimlərin müstəqilliyini
məhdudlaşdıran hər hansı hərəkətdən çəkinməlidir.
Maddə 12. Hakim vəzifələrinin icrası ilə əlaqədar ona məlum olmuş
sirri yaymamalıdır. Başa çatmamış məhkəmə işləri ilə
əlaqədar faktlar barədə və yaxud məhkəmə baxışına təyin
olunmuş işlər haqqında şərhlər, izahat verməməli, ictimaiyyət
və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə
görüşlərdə bu və ya digər məhkəmə işi barədə konkret fikrini
bildirməməlidir. İşdən kənarda qanuni qüvvəyə minmiş
məhkəmə qərarlarını və digər hakimlərin hərəkətlərini şübhə
altında qoymamalıdır.
Maddə 13. Hakim icraatında olan işin aid olduğu şəxslərlə qeyri-prosessual
münasibətlər yaratmamalı, onlarla bu cür ünsiyyətdən
çəkinməlidir.
Maddə 14. Hakim məhkəmə baxışının aşkarlığı prinsipini gözləməlidir.
Bu prinsip ancaq qanunvericilikdə müəyyən olunmuş
hallarda məhdudlaşdırıla bilər.
Hakim kütləvi informasiya vasitələri nümayəndələrinin
ictimaiyyəti məhkəmə orqanlarının fəaliyyəti barədə
məlumatlandırmaqdan ibarət vəzifəsinə hörmətlə yanaşmalıdır.
Əldə ediləcək informasiyadan məhkəməyə təsir
göstərmək vasitəsi kimi istifadə olunacağına əsaslı şübhələr
yoxdursa, hakim kütləvi informasiya vasitələri
nümayəndələrinin işinə imkan yaratmalıdır.
Hakim hər hansı kütləvi informasiya vasitələri orqanı və
ya nümayəndəsi ilə hakimin davranışına və məhkəmə prosesinin
gedişinə nüfuz və ya təsir edə biləcək şəxsi əlaqələr
qurmamalı, bu əlaqələrdən öz maraqları üçün istifadə
etməkdən çəkinməlidir.
Maddə 15. Hakim ədalət mühakiməsinin həyata keçirilməsi üçün
zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf
etdirməlidir.
Maddə 16. Hakim zahirən səliqəli olmalı, məhkəmə iclasını xüsusi
geyimdə, məhkəmə hakimiyyətinin rəmzləri ilə təmin
edilmiş iclas zalında aparmalı, prosessual sənədləri tərtib
edərkən qanuna müvafiq olaraq hamıya aydın və dövlət
dilinin tələblərinə cavab verən sözlərdən və məfhumlardan
istifadə etməlidir.
Maddə 17. Hakim qulluq səlahiyyətlərindən istifadə edərək öz şəxsi
və yaxud ailə üzvlərinin maraqlarını güdməyə və müdafiə
etməyə haqlı deyildir. O, özünü elə aparmalıdır ki, onun
ailə, ictimai və s. münasibətləri tutduğu vəzifəyə xələl
gətirməsin.
Maddə 18. Hakim baxdığı işlə əlaqədar olaraq təşəkkür əlaməti kimi
hədiyyə, sovqat və bəxşiş qəbul etməməli, işin həllinə təsir
edə bilən xidmətlərdən çəkinməlidir.
III. Hakimin peşə fəaliyyətindən kənar davranış qaydaları
Maddə 19. Hakimin professional fəaliyyətindən kənar davranışı onun
ədalətli, obyektiv, qərəzsiz olmasına kölgə salmamalıdır.
Maddə 20. Hakim peşə fəaliyyətinin həyata keçirilməsinə və
məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməyən ictimai
fəaliyyətdə iştirak edə, maraqlarının müdafiəsi, peşə
hazırlığının artırılması və müstəqilliyinin qorunması üçün
hakim assosiasiyaları yarada, onlara daxil ola bilər.
Hakim, onun müstəqilliyini və ya qərəzsizliyini gözdən
sala biləcək hər hansı fəaliyyətdən çəkinməlidir.
Maddə 21. Hakim heç bir seçkili və ya təyinatlı vəzifələr tuta bilməz,
elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir
sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul
ola bilməz.
Maddə 22. Hakim siyasi partiyalara və hərəkətlara mənsub ola, onlara
bu və ya digər formada dəstək göstərə, siyasi xarakter
daşıyan kütləvi tədbirlərdə iştirak edə, siyasi baxışlarını açıq
ifadə edə bilməz.
Maddə 23. Hakim məhkəmə sistemi, məhkəmə quruluşu, məhkəmə
icraatı və digər hüquq məsələləri ilə bağlı qanunverici və icra
hakimiyyəti orqanları, habelə yerli özünüidarə orqanları ilə
qarşılıqlı fəaliyyət göstərə bilər, bu şərtlə ki, həmin fəaliyyət
onun müstəqilliyinə və qərəzsizliyinə şübhə yaratmasın.
IV. Kodeksin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi
ilə əlaqəsi
Maddə 24. Bu Kodeksin 3-cü, 4-cü və 15-ci maddələrinin tələblərinin
pozulması hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı
nəzərə alına bilər.
«Azərbaycan Respublikasının normativ aktlarının
bülletenin»də dərc edilmişdir (2007-ci il, № 9-10, s. 3)